Ağlayan birincilərə psixoloji dəstək

Uşaqlarımız məktəbdə niyə ağlayır?
Yeni dərs ili başladı. Efirləri, sosial şəbəkələri ağlayan birincilərin şəkilləri bəzədi. Biz böyüklər üçün bu sadəcə maraqlı və həyacanlı görüntüdür, uşaqlar üçün isə… Hər bir valideyini daha çox uşağın ruh halı maraqlandırır. Onlar narahat olur ki, niyə başqa uşaqlar məktəbə rahat adaptasiya olunduğu, ana, salamat qal deyib gülə gülə anasından ayrıldığı halda mənim övladım böyük stres və göz yaşları ilə məndən ayrılır. Ağlama səbəbləri müxtəlif ola bilir. Əlbəttə ki, uşaq ona yad olan yeni mühitdə istər istəməz stress yaşayır. Bu bağça keçmiş uşaq da ola bilər, keçməmiş də. Elə uşaqlar olur ki, müəyyən qorxuları olur, məsələn ata anası ayrılıbsa qorxur ki, indi də anasından ayrıla bilər. Məktəb mühiti, yeni gün rejimi, yeni qaydalar, yeni tapşırıqlar uşağın üzərinə bu günə qədər qarşılaşmadığı yeni tələblər qoyur. Uşaq həm fiziki, həm də psixoloji gərginlik keçirir. Onlar ilk dönəmdə hətta arıqlayır, yemək yemək istəmir, tez tez ağlayırlar. Valideyin isə bu prosesə necə təsir edəcəyini, nəyin düzgün olub olmadığını müəyyənləşdirə bilmir. Valideyinlər bu prosesdə uşaqlarına dəstək olmalıdırlar. Hər bir valideyin tərbiyə prosesində çalışmalıdır ki uşaqda müstəqillik və özünə güvən yaratsın ki, uşaq özü qərarlar verə bilsin. Belə olan təqdirdə uşaq hansısa situasiyaya düşəndə həyacanlanmayacaq və özünü narahat hiss etməyəcək. Ona görə valideyin uşağa əvvəl rejim qurmalıdır, hansı saatda durmalıdır. Onlar məktəbdən gələn kimi dərsini soruşmaq, dərs oxutmaq deyil, emosional rahatlıq yaratmaq lazımdır ki, uşaq yorğunluğunu çıxarsın, məktəbə qarşı həvəsli olsun. Uşaq anasında müəlliməni görməməlidir, müəllimə məktəbdədir, evdə uşaq ananı görməlidir. Valideyin uşağı təkcə dərsə yönəltməməlidir, o uşağı məktəbi sevdirməlidir. Adətən uşağın məktəbə adaptasiyası 2 ay çəkir. Amma elə hallar olurki 6 aya qədərdə çəkə bilər. Bu uşağın individual xüsusiyyətlərindən, məktəbə hazırlıq səviyyəsindən, getdiyi təhsil ocağından ,ilk müəlliməsinin münasibətindən və s. səbəblərdən asılı ola bilər.Uşaq bu müddət ərzində müəlliminə, məktəbə, gün rejiminə öyrəşir. Valideyin uşağı məktəbə yola salanda uzun uzadı sağollaşmasın, gülə-gülə sağollaşıb uşağı məktəbə qoyub tez çıxsın. Götürmək üçün gedəndə heç vaxt gecikməsin, uşaq valideyini gözləməsin, çıxan kimi onu görsün. Yuxu rejimini artırsın, adaptasiya olana kimi başqa məşğələlərlə yükləməsinlər, əks halda qorxu və gərginlikləri daha da artacaq. Çalışmaq lazımdır ki, uşaq adaptasiya olunduqdan, məktəbi sevdikdən sonra onu müəyyən məşğələlərə yönləndirsinlər.
Son olaraq bir daha demək istərdim ki, hər bir uşağın adaptasiya müddəti individualdır. Bu səbəbdən övladlarımızın onları əhatə edən böyüklərin kömək və səbrinə ehtiyacları var. Yəni bu müstəqil həyata atılan uğurlu ilk addımların açarı, biz valideynlərin əlindədir!

Harmoniya psixologiya  mərkəzinin  baş psixoloqu Aygün Ağabalayeva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir